№ 4,
2016
Məqaləni yüklə
Kimyəvi təsirlə kvars suspenziyasının aqreqativ dayanıqlılığının tənzimlənməsi barədə
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Neftqazelmitədqiqatlayihə» İnstitutu, AZ1012, Bakı ş.,Zərdabi pr.,88A
Xülasə
A-
A+
Aqreqativ cəhətdən çox dayanıqlı hesab olunan kvars suspenziyası zəif sementlənmiş qumluqlu neft yataqlarının kəşfiyyatı zamanı süxurun dağılmasına və laydan qumun axıb gəlməsinə, quyunun məhsuldarlığının azalmasına, xüsusi hallarda isə hətta quyunun tam dayanmasına gətirib çıxarır. Bu problemin həlli üçün tətbiq olunan bir çox metodların əsas çatışmaz cəhəti onların süxurun nüfuzluluğunu azaltmasıdır. Bunu nəzərə alaraq, bu işdə kvars suspenziyasının zeta potensialının kimyəvi idarə olunmasına əsaslanan yeni metod təklif edilmişdir. Kvars suspenziyasının psevdoqaynaması prosesinə zeta potensialının təsiri və əsas komponenti amin və fosfor efirlərinin reaksiya məhsulu olan reagentlə, tədqiq olunan dispers sistemin aqreqativ dayanıqlılığına təsir yolu ilə zeta potensialının kimyəvi idarə olunması imkanları öyrənilmişdir. Göstərilmişdir ki, təklif olunan kimyəvi sistemlə emal zamanı kvarsın aqreqasiyası kvars hissəciklərinin ətrafındakı ikiqat elektrik təbəqəsinin diffuz hissəsinin qalınlığının azalması nəticəsində elektrokinetik potensialın azalması hesabına baş verir. Aşkar edilmişdir ki, kvars suspenziyasının kimyəvi emalı həm psevdoqaynamanın başlanğıc sürətinin, həm də mayenin filtrasiya əmsalının əhəmiyyətli artımına səbəb olur. Riçardson-Zaki tənliyinə kvars hissəciklərinin aqreqasiyasını nəzərə alan əlavə təklif edilir. Emal olunmuş qumun filtrasiya xassələrini izah etmək üçün mühitin məsaməliliyinə aqreqasiyanın təsirini nəzərə alan model təklif olunmuşdur. İşin nəticələri zəif sementlənmiş qumluqlu neft yataqlarının kəşfiyyatı zamanı istifadə oluna bilər. Psevdoqaynama prosesi emal olunmuş və olunmamış kvars qumu üçün xüsusi yığılmış qurğuda 0.01 MPa orat təzyiqdə tədqiq olunmuşdur. Zeta potensialının təyini üçün axın potensialı metodundan və Helmhols- Smoluxovski tənliyindən istifadə edilmişdir. Mayenin filtrasiya əmsalları məsaməli mühitin emalından əvvəl və sonra Darsi qanunu əsasında təyin edilmişdir.