MÜƏLLİFLƏR ÜÇÜN QAYDALAR

Məqalənin mətni üçün şriftlər

Təqdim olunan məqalənin mətni kompüterdə Microsoft Windows əməliyyat sistemində işləyən xüsusi mətn redaktoru – Microsoft Word 2003 istifadə olunmaqla yazılır. Mətn üçün şrift olaraq Azərbaycan, ingilis və rus dillərində Times New Roman qəbul edilir.

Məqalənin adı

Məqalənin adı müvafiq əlifbanın böyük hərfləri ilə qalın (bold) yazılır (şriftin ölçüsü 14 pt, sətirlərin arasındakı məsafə bir interval), mətn sahəsinin eni (16,5 sm) boyu, səhifənin orta xəttinə nisbətən simmetrik yerləşdirilir.

Müəllif(lər)in adı, atasının adı və soyadı

Məqalənin adından sonra 1 sətir boş yer saxlamaqla aşağıda müəllif(lər)in adı, atasının adı və soyadı qısa şəkildə qalın hərflərlə (14 pt, bir interval) yazılır (məs.: A.F.Həşimov, Ə.Ş.Qasımov) və səhifənin orta xəttinə nisbətən simmetrik yerləşdirilir.

Müəllif(lər)in işlədiyi idarənin adı və ünvanı

Müəllif(lər)in adı, atasının adı və soyadından aşağıda 1 sətir boş sahə saxlamaqla kursiv şriftlə (14 pt, bir interval) müəllif(lər)in işlədiyi idarənin adı və ünvanı yazılaraq səhifənin mərkəzinə nəzərən simmetrik yerləşdirilir. Əgər məqalənin müəllifləri ayrı-ayrı idarələrdə işləyirsə, onların hər birinin ünvanı yazılmalıdır və hər bir müəllifə məxsus ünvan ərəb rəqəmləri ilə nömrələnərək dəqiq göstərilməlidir. Ünvan(lar)dan aşağıda bir sətir boş sahə keçdikdən sonra məqalənin annotasiyası verilir:

Həcmi 15 sətirdən çox olmamaq şərtilə məqalənin (onun yazıldığı dildə) qısa məzmunu (annotasiya sözü yazılmadan) verilir (12 pt). Annotasiya mətnində problemin vəziyyətinin icmalı, düstur və ədəbiyyata istinadlar verilməməlidir. Annotasiya mətnindən sağ və sola ümumi mətn sahəsinə nəzərən 1,5 sm məsafə saxlanılmalıdır (yəni annotasiyada sətirlərin uzunluğu 13,5 sm olmalıdır). Sətirlər arasındakı məsafə bir interval, axırıncı sətirdən sonra aralarındakı məsafə bir interval olmaqla əsas mətnə qədər iki sətir boş sahə ayrılır.

1. Giriş

Bu təlimat Azərbaycan MEA Yer Elmləri bölməsinin nəşri olan və geologiya, neft və qaz yataqlarının işlənməsi, coğrafiya və Yerin kosmosdan öyrənilməsi sahəsində elmi-fundamental problemlər və elmi-tətbiqi məsələlərinə həsr olunmuş məqalələri dərc edən “Azərbaycan MEA Xəbərləri”, Yer elmləri jurnalının redaksiyasına təqdim olunan materialın düzgün tərtib olunmasında müəllif(lər) üçün yardımçı rolunu oynayır. Jurnalın müəllifi Azərbaycan MEA və həmçinin Azərbaycan Respublikası və xarici ölkələrin idarə və təşkilatlarında işləyən alim və mütəxəssislər ola bilər. Məqalə jurnalın redaksiyasına (baş redaktora – aşağıda ünvan göstərilir) iki variantda – kompakt diskdə və yaxud e-mail vasitəsilə, A-4 formatlı kağızda surəti çıxarılmış nüsxəsi, müəllif(lər)in işlədiyi idarənin rəsmi məktubu, ekspert rəyi və müəllif arayışı ilə birlikdə təqdim edilir. Redaksiya, alınan məqaləni rəyə göndərmək səlahiyyətini saxlamaqla, onun nəticəsinə əsasən məqalənin çap olunması (və ya rəyçinin iradlarına əsasən məqalənin yenidən işlənilməsi və ya çap olunmaması) haqqında qərar qəbul edir.

 2. Məqalənin tərtibatına dair

 2.1. Başlıq və yarımbaşlıqlar

Məqalə mətninin başlıq və yarımbaşlıqları ayrıca sətirdə müvafiq olaraq 14 pt və 12 pt  qalın şriftlə yığılır. Onların nömrələnməsi müvafiq yazı sütununun sol kənarından başlanır.

 2.2. Mətnin hazırlanması

Bütün abzasların birinci sətri yazı sütununun sol kənarından 1 sm geri çəkilməklə başlanır. Məqalə mətninin sətirləri arasında məsafə 1,5 interval olmalıdır. Şriftin ölçüsü 14 pt (xahiş olunur ki, başqa ölçülü şriftlərdən istifadə olunmasın). Hecalara ayırmadan mətndə istifadə olunmamalıdır. Mətn yığılarkən abzas başa çatmamış ENTER düyməsi basılmamalıdır. Məqalənin həcmi 14 səhifədən çox olmamalıdır (cədvəllər, şəkillər və istifadə olunan ədəbiyyat siyahısı daxil olmaqla). Məqalə Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər. Redaksiya xarici ölkələrin elmi ictimaiyyətini alimlərimizin nailiyyətlərilə tanış etməyi planlaşdırdığından (INTERNET sistemilə nəzərdə tutulur), ingilis dilində yazılmış məqalələrə üstünlük veriləcəkdir. Məqalənin mətni format çərçivəsində (bütün sətirlər sol və sağ tərəflərdən yazı mətni sahəsindən kənara çıxmamaq şərtilə) düzəldilməli, diqqətlə redaktə edilməli, coğrafi adlar, geoloji və b. terminlərin və həmçinin vahidlərin (beynəlxalq Sİ sistemində) düzgünlüyü yoxlanılmalıdır. Məqalənin tərtibatı ümumi sxemə: giriş (problemin vəziyyəti) – məsələnin qoyuluşu – tədqiqatın şərhi (tədqiqat üsulu, istifadə olunan cihaz və başqa faktiki material, məlumatların təhlili və s.) – alınan nəticələrin şərhi – nəticələr – istinad edilən ədəbiyyat si­ya­hısı  riayət olunmaqla yerinə yetirilir.

Məqaləyə, həcmi 30 sətrədək olan ingilis və məqalənin yazılış dilindən asılı olaraq, Azərbaycan və ya rus dilində (20 sətrədək) xülasələr (ayrı-ayrı səhifələrdə) əlavə edilir: Xülasələr 12 pt ölçülü şriftlə yazılmalıdır. Xülasələrin hər birində, onun yazıldığı dildə müəllif(lər)in adı, atasının adı və soyadı qısa şəkildə (məqalənin özündə olduğu kimi), eləcə də məqalənin adı yazılmalıdır.

2.3. Səhifənin formatı

Səhifənin ölçüləri A-4 (21,0 x 29,7 sm) formatına uyğun olmalıdır. Səhifədə yazı sahəsinin sol tərəfindən 3 sm, sağ tərəfindən 1,5 sm, yuxarı və aşağı tərəflərindən isə 2 sm sahə saxlanılır. Səhifələr nömrələnməyir. Lakin məqalənin kağız daşıyıcısı səhifələrinin yuxarı sağ küncündə nömrələr yazılır (adi qələmlə).

2.4. Şəkillər, cədvəllər, düsturlar

Məqalədə şəkillərin (xəritə, diaqram, sxem və s.) hər biri tərtib olunduğu proqramdan asılı olmayaraq vahid obyekt şəklində (ayrı-ayrı şəkillərin süni surətdə birləşdirilməsi yolverilməzdir) mətnin sonunda verilir və ya JPEG (*.jpeg, *.jpg) formatında fayl şəklində verilir (başqa formatlar qəbul olunmur). Ölçüləri üfüqi istiqamətdə əsasən 7,75 sm, mümkün olmadıqda mətn sahəsinin enindən (16,5 sm) böyük olmamalı və səhifənin mərkəzinə nisbətən simmetrik yerləşdirilməlidir. Şəkillər keyfiyyətli olmalıdır. Şəkilaltı yazı, şərti işarə, izah və s. şərhlər 12 pt ölçülü qalın (bold) şriftlə yığılıb ayrıca səhifədə təqdim edilməlidir. Şəkillər “şəkil” sözü ilə nişanlanır və ərəb rəqəmləri ilə ardıcıl nömrələnir (məs.: 1-ci şəkil).

Hər bir cədvəlin başlığı olmalıdır. Cədvəllər ardıcıl olaraq ərəb rəqəmi ilə nömrələnir (məs.: 1-ci cədvəl). Cədvəllərin nömrəsi və adı onların üstündə 12 pt ölçülü şriftlə verilir. Cədvəllər yığcam, yazı sahəsi enindən böyük olmamalıdır. Cədvəllər mətn daxilində yerləşdirilməli və onların bir səhifədən (əvvəli) digərinə (davamı) keçirilməməlidir. Məqalədə şəkillərin sayı maksimum 4, cədvəllər isə – 2 olmalıdır.

Düsturlar çıxarılışsız, son yazılış formasında verilməlidir. Düstur simvollarının izahı onun altında verilir. Simvolların dərəcə və indeksləri dəqiq ayrılmalıdır. Düsturun nömrəsi onunla bir sətirdə sağ tərəfdə mötərizə içərisində verilir. Düstur yazılan sətirin uzunluğu 7,75 sm-dən böyük olmamalıdır (düsturun nömrəsi də daxil olmaqla). Düsturları yazmaq üçün Microsoft Equation 3 redaktoru istifadə edilir.

3. Ədəbiyyat

Məqalənin mətnində qaynaqlara istinad, onun çap olunduğu dildə mötərizə arasında müəllifin soyadı və ədəbiyyatın çap olunma ili yazılmaqla edilir. Məs.: (Əliyev, 1993), (Kwoon and Pletcher, 1994), (Алиев, 2004). İstinad edilən ədəbiyyatda müəlliflərin sayı üç və daha çox olduqda yalnız birinci müəllif qeyd edilir. Məs.: (Məmmədov və b., 1989; Pletcher et al., 1991). Müəllifin eyni ildə çap olunmuş əsərinə istinad edildikdə, əsərin çap olunma ilindən sonra latın əlifbasının kiçik hərfləri yazılır. Məs.: (Sparrow, 1990a) – mətndə birinci dəfə rast gələn ədəbiyyat, (Sporrow. 1990в) – ikinci istinad və s.

İstifadə olunan ədəbiyyatın siyahısı məqalənin sonunda, əlifba sırası ilə verilir (12 pt). Hər bir qaynaqda ikinci və sonrakı sətrlər birinci sətrə nisbətən yerini 0,5 sm sağa dəyişməklə verilir. Jurnal məqalələri üçün aşağıdakı məlumatlar verilməlidir: müəllif(lər)in soyadı və inisialları, çap olunma ili, məqalənin adı, jurnalın adı (kursiv şriftlə), nömrəsi və səhifə. Məs.:

Şıxəlibəyli, Ə.Ş. 1993. Yenə də Xəzər dənizinin vacib problemlərindən. Azərbaycan EA Xəbərləri, Yer elmləri seriyası, 1, 3-8.

Monoqrafiya və s. bu növ nəşrlər üçün – müəllif(lər)in soyadı və inisialları, nəşrin ili və adı, nəşriyyat və şəhər. Məs.:

MƏMMƏDOV, Ə.V. 1973. Orta Kür çökəkliyinin geoloji quruluşu. Elm, Bakı.

Toplular, o cümlədən konfrans (simpozium, seminar və s.) və ya idarələrin əsərləri üçün – müəllif(lər)in soyadı və inisialları, nəşrin ili, məqalənin (elmi məlumat, məruzə və ya məruzənin tezisi) adı, toplunun  adı (kursiv şrift ilə), nəşriyyat və şəhər göstərilir. Məs.:

ABDULLAYEV, I.M., HUSEYNOV, T.K. 1997. The bulk vilbroamplitude method of measurement density of granular medium. Proceedings of the Fourth International Conference on “Measurement and Control of Granular Materials”. Northeastern University Press. Shenyang.

МАТАНОВ, Ф.А. 1995. О роли грязевых вулканов в скрытой разгрузке подземных вод. Труды Института геологии АН Азербайджана, вып. 25. Елм. Баку.

İstifadə edilmiş ədəbiyyat siyahısında müəllif(lər)in soyadı və inisialları böyük, digər məlumatlar isə kiçik hərflərlə yığılır.

Məqalə və yuxarıda sadalanan əlavələr bir kompakt diskdə təqdim edilməlidir. Diskə məqaləyə aid olmayan fayllar yazılmamalıdır.

JURNAL ARXİVİ