Azərbaycan Avropanin radon qazi xəritəsinə salinib

Azərbaycan ərazisində radon qazının miqdarı ilə bağlı aparılmış tədqiqatların nəticələri “Avropanın qapalı mühitlərində radonun yayılma xəritəsi”nə daxil edilib.Avropa Komissiyası tərəfindən tərtib olunmuşelektron xəritədə ölkəmizin də ərazisi sözügedən qazın yayılma göstəriciləri ilə əks olunur.

Məlum olduğu kimi, Yer kürəsində geniş yayılmış radon qazı normadan çox olduqda ağciyər xərçəngi törədə bilir və xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikincidir. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri 2010-cu ildən etibarən ölkədə bu qazın yayıldığı ərazilərin müəyyən edilməsi və sağlamlığa mənfi təsir edə bilən riskinin azaldılması istiqamətində tədqiqatlar aparır.İnstitutun Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Çingiz Əliyev, Çökmə hövzələrinin flüid dinamikası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev və İsveçrənin Tətbiqi Elmlər Universitetinin (TEU) alimlərinin birgə başladıqları tədqiqatlar indiyə qədər qitənin digər ölkələri ilə dəmüştərək davam etdirilib.

Alimlərimiz tədqiqatların hazırkı nəticələri haqqında bu günlərdə İtaliyanın Verbaniya şəhərində Avropa Komissiyası tərəfindən təşkil olunmuş “Avropanın təbii radiasiyalar atlası” üzrə beynəlxalq seminarda çıxış ediblər. “Azərbaycanda qapalı mühitdə radon təcrübəsi” adlı məruzə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Seminara 29 ölkə və beynəlxalq qurumu təmsil edən 30-dan çox alim və mütəxəssis qatılıb.

Son 5 il ərzində İsveçrənin Milli Elm Fondunun maliyyə dəstəyi və GGİ-nin vəsaiti hesabına aparılmış tədqiqatlar nəticəsində radon qazı əsasən dağlıq ərazilərimizdəki bir sıra yaşayış binalarında normadan artıq müəyyən edilib.Bu məlumatlar əsasında 2013-cü ildə “Azərbaycan ərazisində radonun həcmi aktivlik xəritəsi” tərtib olunub.

Araşdırmalarda Avropa təcrübəsini tətbiq etməküçünÇ.Əliyev vəƏ.Feyzullayev TEU-da, həmçininPolşa Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutunda təşkil olunmuş beynəlxalq konfrans və seminarlarda, görüşlərdə iştirak ediblər. Azərbaycan alimləri yalnız Avropa deyil, digər qitələrdəkihəmkarları ilə birgə radon təhlükəsinin azaldılması istiqamətində təcrübələrini bölüşüb,müştərək tədqiqat imkanlarını müzakirə ediblər. Planetin müxtəlif yerlərində radon təhlükəsi ilə bağlı araşdırmaların nəticələri və yeni tədqiqat imkanlarına dair məruzələr dinlənilib. Bu tədbirlərdə GGİ alimlərinin də təqdimatlarıvə təşəbbüsləri böyük maraq doğurub, ümumi işə töhfə verib.

Ç.Əliyev qeyd edir ki, bəzi ölkələr layihəyə yeni qoşulduğuna görə xəritə hazırda bütün Avropanı əhatə etmir.Tədqiqatlar qitə boyu genişləndikcə xəritə yenilənəcək.

JURNAL ARXİVİ