№ 1, 2018

Səpələnmiş maye karbohidrogen amili, onun fiziki-termodinamiki mahiyyəti və qaz-kondensat yataqlarının istismarında əhəmiyyəti haqqında

V.M.Fətəliyev, S.A.Səlimova, S.D.Məhərrəmova

Azərbaycan MEA Neft və Qaz İnstitutu, AZ1000, Bakı, F. Əmirov, 9

Məqalədə Azərbaycanın və Rusiyanın bir sıra yataqlarının mədən və termodinmiki tədqiqat məlumatla­rından istifadə etməklə retroqrad kondensasiya təzyiqindən böyük təzyiqlərdə qaz-kondensat yataqlarında mövcud olan maye fazasının, yəni səpələnmiş maye karbohidrogenin (SMK) yaranma mexanizmi araşdırılmış və onun üç növü müəyyən edilmişdir. Bunlar lay sistemində hətta yüksək təzyiqlərdə belə, qaz fazasına keçə bilməyən ağır maye komponentlərin olması, yüksək təzyiqlərdə sistemin yenidən kondensasiya etməsi və lay şəraitində retroqrad kondensasiyanın səthi qüvvələrin təsirindən daha böyük təzyiqlərdə başlaması hesabına yaranan kondensatdır. Təcrübi nəticələrin təhlili əsasında SMK-nın yataq şəraitində yerləşmə vəziyyəti qiy­mətləndirilmişdir. SMK yatağın uzun illər ərzində formalaşması müddətində dənəciklərin səthinə adsorbsiya edərək süxur səthi ilə sıx əlaqədə olan və lay sistemində ağır komponentlərin çox olması hesabına süxur səthi ilə zəif əlaqəyə malik, sərbəst formada olan və hidrodinamiki proseslərdə iştirak edə bilən hissələrə ayrıl­mışdır. Qeyd edilir ki, belə maye faza miqdarının, layda hərəkətinin və onun hasilatının qaz-kondensat yataqlarının rasional istismar üsullarının seçilməsində nəzərə alınması əhəmiyyətli ola bilər.

Məqaləni yüklə

JURNAL ARXİVİ