№ 4, 2016

Kimyəvi təsirlə kvars suspenziyasının aqreqativ dayanıqlılığının tənzimlənməsi barədə

B.А.Süleymanov, H.F.Abbasov

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Neftqazelmitədqiqatlayihə» İnstitutu, AZ1012, Bakı ş.,Zərdabi pr.,88A

Aqreqativ cəhətdən çox dayanıqlı hesab olunan kvars sus­pen­ziyası zəif sementlənmiş qumluqlu neft yataqlarının kəşfiy­yatı zamanı süxurun dağılmasına və laydan qumun axıb gəlmə­sinə, quyunun məhsuldarlığının azalmasına, xüsusi hallarda isə hətta quyunun tam dayanmasına gətirib çıxarır. Bu problemin həlli üçün tətbiq olunan bir çox metodların əsas çatışmaz cəhəti onların süxurun nüfuzluluğunu azaltmasıdır. Bunu nəzərə alaraq, bu işdə kvars suspenziyasının zeta potensialının kimyəvi idarə olunmasına əsaslanan yeni metod təklif edilmişdir. Kvars suspenziyasının psevdoqaynaması prosesinə zeta potensialının təsiri və əsas komponenti amin və fosfor efirlərinin reaksiya məh­sulu olan reagentlə, tədqiq olunan dispers sistemin aqre­qativ dayanıqlılığına təsir yolu ilə zeta potensialının kimyəvi idarə olunması imkanları öyrənilmişdir. Göstərilmişdir ki, təklif olunan kimyəvi sistemlə emal zamanı kvarsın aqreqasiyası kvars hissəciklərinin ətrafındakı ikiqat elektrik təbəqəsinin dif­fuz hissəsinin qalınlığının azalması nəticəsində elektrokinetik potensialın azalması hesabına baş verir. Aşkar edilmişdir ki, kvars suspenziyasının kimyəvi emalı həm psevdoqaynamanın baş­lanğıc sürətinin, həm də mayenin filtrasiya əmsalının əhə­miyyətli artımına səbəb olur. Riçardson-Zaki tənliyinə kvars hissəciklərinin aqreqasiyasını nəzərə alan əlavə təklif edilir. Emal olunmuş qumun filtrasiya xassələrini izah etmək üçün mühitin məsaməliliyinə aqreqasiyanın təsirini nəzərə alan mo­del təklif olunmuşdur. İşin nəticələri zəif sementlənmiş qum­luqlu neft yataqlarının kəşfiyyatı zamanı istifadə oluna bilər. Psevdoqaynama prosesi emal olunmuş və olunmamış kvars qumu üçün xüsusi yığılmış qurğuda 0.01 MPa orat təzyiqdə təd­qiq olunmuşdur. Zeta potensialının təyini üçün axın poten­sialı metodundan və Helmhols- Smoluxovski tənliyindən isti­fadə edilmişdir. Mayenin filtrasiya əmsalları məsaməli mühitin emalından əvvəl və sonra Darsi qanunu əsasında təyin edilmişdir.

JURNAL ARXİVİ