№ 1, 2018

Kiçik Qafqazın Ərtəpə yatağı mis-sink filizlərinin maddi tərkibi və texnoloji xüsusiyyətləri

Ə.Z.Əhmədov

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Mineral xammal Elmi-Tədqiqat İnstitutu, AZ1117, Bakı, Natavan k., 16

Məqalədə, ilk dəfə olaraq, Almaniyanın “Simens qardaş­ları” şirkəti tərəfindən 1910-ci ildə aşkarlanmış, lakin tam hüdudlanmamış kolçedan mis-sink mineral xammalının maddi tərkibi və texnoloji xüsusiyyətləri ətraflı qiymətləndirilmişdir. Tədqiqatlar bu şirkət tərəfindən keçilmiş 2 saylı kəşfiyyat mağarasından götürülmüş 2 laborator texnoloji nümunələrin və onların qarışığının (1:1) üzərində yerinə yetirilmişdir. Nümu­nələrdən biri mağaranın filiz mineralları ilə zəngin sahəsini, o biri isə bu sahənin qovşağında yanaşı olan kasad filizdaşıyan süxurları təmsil etmişdir. Hər iki sahənin filizlərində qızılın və gümüşün iştirakı aşkarlanmışdır. Qarışdırılmış nümunədə əsas filiz mineralları, onların oksidləşmə dərəcələri və dənəmetrik ayrılmaları təyin edilmişdir. Mineraloji tədqiqatlarla müəyyən edilmişdir ki, nəzərdən keçirilən mineral xammalda xalkopiritin mühüm hissəsi sfaleritdə çox xırda – emulsiyalı möhtəvilərlə təmsil olunur. Sfalerit iki növlə təqdim olunur: dəmirsaxlayan marmatitlə və kleyofanla. Qeyd olunan xammalın maddi tərki­bini və texnoloji xüsusiyytlərini nəzərə alaraq, onun emalı üçün eksperimental olaraq flotasiya zənginləşdirilmə texnoloji sxemi işlənilib hazırlanmış və tətbiqə tövsiyə edilmişdir. Bu sxem üzrə filizdən nisbətən yüksək ayrılma dərəcəsi ilə kon­disiyalı sink konsentratı alınmışdır. Həmçinin bu əmtəə məhsu­lunda filizin tərkibində yanaşı komponentlər olan qızıl, gümüş və kadmiumun sənaye əhəmiyyətli miqdarlarla və nisbətən yüksək çıxımlarla ayrılması müəyyən edilmişdir. Ümumiyyətlə, tədqi­qatlardan alınmış nəticələr göstərir ki, kasad filizdaşıyan süxur­ların hesabına yatağın filiz ehtiyatlarını artırmaq mümkündir.

JURNAL ARXİVİ